İQTİSADİYYAT


TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycandan Bolqarıstana ötürülüb

Bakı, 22 oktyabr, AZƏRTAC

TRACECA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, TRACECA Hökumətlərarası Komissiyasının 15-ci illik iclası videokonfrans formatında baş tutub.

İclasın proqramına TRACECA Hökumətlərarası Komissiyaya sədrliyin Azərbaycandan Bolqarıstana ötürülməsi, eləcə də TRACECA çərçivəsində Daimi və Milli Katiblərin iştirakı ilə razılaşdırılmış konsepsiya, fəaliyyət planı, hesabat kimi sənədlərin təsdiq edilməsi ilə bağlı məsələlər daxil edilib.

Sözügedən tədbirdə iştirak edən Azərbaycan Respublikası nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TRACECA çərçivəsində mövcud praktikaya uyğun olaraq ölkəmizin adından Hökumətlərarası Komissiyaya sədrliyi Bolqarıstan Respublikasına təhvil verib.

Nazir ölkəmizin sədrliyi dövründə TRACECA çərçivəsində, eləcə də ölkəmiz tərəfindən Avropa–Qafqaz–Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı istiqamətində görülmüş işlər barədə danışıb.

Çıxışda, həmçinin ölkəmizin işğal olunmuş torpaqlarının azad edilməsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra nəqliyyat və iqtisadi əlaqələrin bərpasının TRACECA dəhlizinin daha da inkişafı və genişlənməsinə töhfə verəcəyi qeyd olunub. İşğal nəticəsində dağıdılmış infrastrukturun yenidən qurulması və tikintisi haqqında iclas iştirakçılarına məlumat verilib.

Eyni zamanda, TRACECA dəhlizinin rəqabət qabiliyyətinin artırılması istiqamətində bir sıra sahələrdə, xüsusilə sərhəd-keçid prosedurlarının harmonizasiyası, daşımalarda tənzimləyici və inzibati baryerlərin aradan qaldırılması üzrə tədbirlərin görülməsinin vacibliyi vurğulanıb. Bu prosesdə hərəkətverici amil kimi rəqəmsallaşmanın zəruriliyi qeyd olunub, TRACECA-nın rəqəmsallaşma konsepsiyası alqışlanıb.

İclasın sonunda TRACECA Hökumətlərarası Komissiyasının 15-ci iclasının Yekun Qətnaməsi və Sofiya Bəyannaməsi qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.