İQTİSADİYYAT
TRASEKA DƏHLİZİNİN RƏQABƏT QABİLİYYƏTİ ARTACAQDIR
Azərbaycan Dövlət Dəmir Yolunun mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dekabr ayının 5-6-da Tbilisi şəhərində keçirilmiş Azərbaycan, Qazaxıstan və Gürcüstan işçi qruplarının iclasında Poti-Bakı-Aktau-Almatı marşrutu ilə konteyner qatarının dekabrın 24-də ilk reysi barədə qərar qəbul edilmişdir.
Tədbirdə Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini İqbal Hüseynovun başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı Bakı Beynəlxalq ticarət limanının və Dövlət Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri də iştirak etmişlər.
Həftədə iki dəfə reysə çıxacaq 24 vaqondan ibarət konteyner qatarı Poti limanından yola düşəcəkdir.
Tədbirdə iştirak edən Bolqarıstan nümayəndələri Varna və Burqas limanlarının da layihəyə qoşulmasını təklif etmişlər.
Poti-Bakı-Aktau-Almatı marşrutunun işə düşməsi TRASEKA dəhlizinin rəqabət qabiliyyətinin artmasına və bərə konteyner daşımalarının çoxalmasına imkan verəcəkdir.