İQTİSADİYYAT
TRASEKA HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ DAİMİ KATİBLİYİ BİRGƏ İCLAS KEÇİRİR
Katiblikdən AZƏRTAC-a bildirmişlər ki, iclasda Avropa-Qafqaz-Asiya dəhlizində beynəlxalq nəqliyyatın inkişafını nəzərdə tutan, 12 ölkənin iştirak etdiyi çoxtərəfli Sazişin yerinə yetirilməsinin vəziyyəti, sentyabr ayında keçirilmiş “Ticarətə yardım və institusional dəstək” layihəsi çərçivəsində fəaliyyətin əlaqələndirilməsi məsələsi müzakirə ediləcəkdir.
Gündəliyə TRASEKA Hökumətlərarası Komissiyası üçüncü iclasının tövsiyə və qərarlarının yerinə yetirilməsinin gedişi və Komissiyanın dördüncü iclası materiallarının hazırlanması da daxildir. O cümlədən Daimi Katibliyin birgə maliyyələşdirilməsi sistemi haqqında müqavilənin razılaşdırılması, habelə TRASEKA-nın inkişaf strategiyasının hazırlanması üzrə iş davam etdiriləcəkdir.
Avropa Birliyi TRASEKA proqramının menecerləri, məsləhətçiləri və Daimi Katiblik geniş tərkibdə cari və qarşıdakı layihələrin müvafiq surətdə həyata keçirilməsi perspektivlərini nəzərdən keçirəcəklər.
Daimi Katibliyin iclası ilə paralel qanunvericilik məsələlərinə dair İşçi qrupunun da iclası olacaqdır. Burada Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafına dair beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli sazişə yeni texniki əlavələrin və digər dəyişikliklərin və təkmilləşdirmələrin qəbul edilməsinə hazırlıq üzrə iş davam etdiriləcəkdir.