SİYASƏT
“TRT Haber”: Azərbaycan böyük qətiyyətlə Zəngəzur dəhlizinin açılmasına doğru irəliləyir
Ankara, 26 oktyabr, AZƏRTAC
Azərbaycan regionda yaratdığı yeni geosiyasi vəziyyəti əzmlə qoruyur və böyük qətiyyətlə Zəngəzur dəhlizinin açılmasına doğru irəliləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyənin “TRT Haber” telekanalının hazırladığı ekspert müzakirələrində ifadə olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycana rəsmi səfəri və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakının siyasi mahiyyətini və strateji məqsədlərini müzakirəyə çıxaran telekanal tanınmış professorlar Saynur Derman və Oktay Tanrısevərin fikirlərini tamaşaçılara çatdırıblar.
Alimlər bildiriblər ki, Füzuli Beynəlxalq Hava Limanının açılışı bütün dünyaya Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə bu torpaqların əsl sahibi olduğunu bir daha göstərdi. Azərbaycan regionda kompleks inkişaf üçün böyük imkanlara malikdir və bütün hədəflərinə ardıcıl şəkildə çatır. Zəngəzur dəhlizinin açılması istiqamətində atılan ardıcıl addımlar və bunun beynəlxalq əhəmiyyəti şərh olunub.
Müzakirələrdə, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə siyasi qərarların əhəmiyyəti də yüksək dəyərləndirilib. Vurğulanıb ki, Azərbaycanın yaratdığı yeni siyasi mənzərə regionda bütün tərəflər üçün faydalıdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara