SİYASƏT
TRT-nin V Beynəlxalq Media Təhsili Proqramında AZƏRTAC da təmsil olunur VİDEO
Antalya, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Türkiyənin Antalya şəhərində TRT V Beynəlxalq Media Təhsil Proqramı işə başlayıb.
Yetmiş ölkədən 162 jurnalisti bir araya gətirən bu Proqramda AZƏRTAC-ın multimedia və videoxəbər şöbəsinin müdiri Aygün Həsənova da iştirak edir.
Açılışda çıxış edən layihə rəhbəri Əkrəm Özdəmir proqramın təcrübə mübadiləsi üçün bir platforma olduğunu, treninqlər müddətində Türkiyənin 60 məşhur media mütəxəssisinin iştirakçılarla öz təcrübələrini bölüşəcəklərini diqqətə çatdırıb. O deyib: “Treninqlərdə xəbər yayımı mütəxəssisləri ilə yanaşı, Türkiyənin bir çox televiziya və özəl şirkətlərinin film və serial çəkilişləri üzrə yaradıcı qrup rəhbərləri də bacarıqları, uğurları barədə ətraflı məlumat verəcəklər”.
TRT-nin baş direktorunun müavini Erkan Durdu bu platformanın dünyanın bir çox ölkələrindən gələn media nümayəndələri üçün əlaqələr və təcrübə mübadiləsi baxımından bir vasitə olduğunu qeyd edib. O burada TRT-nin yeni yayım texnologiyaları barədə təlim keçirildiyini, dəqiq və vicdanlı xəbərçiliyin hər zaman yüksək tutulduğunu, bunun bütün media mənsubları üçün də vacib olduğunu deyib. “Dünyada baş verən hadisələr, münaqişələrin nəticələri barədə ictimaiyyətə doğru məlumat çatdırılmasında jurnalistlərin böyük rolu var. TRT-nin əsas məqsədi proqram müddətində bu təcrübənin bəzi vacib məqamlarını iştirakçılarla bölüşməkdir”, - deyə Erkan Durdu bildirib.
Sonra TRT-nin tanıtım filmi nümayiş etdirilib.
Xatırladaq ki, TRT-nin hər il keçirdiyi beynəlxalq təhsil layihəsinə 2009-cu ildə start verilib.