QAN YADDAŞI
TRT-nin saytı AZƏRTAC-ın büro rəhbərinin 20 Yanvarla bağlı məqaləsini yayıb
Ankara, 21 yanvar, AZƏRTAC
“TRT-Azərbaycan” radiosunun rəsmi saytı AZƏRTAC-ın büro rəhbəri Sabir Şahtaxtının 20 Yanvarla bağlı məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovetlər birliyinin qoşun birləşmələrinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi cinayətin təfərrüatlarından bəhs edilir.
20 Yanvar faciəsinin siyasi səbəb və məqsədlərini faktlar və məntiqli mühakimələr əsasında oxucularla bölüşən müəllif diqqətə çatdırır ki, təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti 20 Yanvar hərbi cinayətinin təməlini təşkil edir.
Məqalədə qeyd olunur ki, 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş verən faciə ilə bağlı xalqımıza başsağlığı verib. Ulu Öndər 20 Yanvar faciəsini törədən M.Qorbaçovu və onun Azərbaycandakı əlaltılarını kəskin ittiham edərək, Bakıya ağır hərbi texnika və ordu yeridilməsini, insanlara divan tutulmasını, günahsız qanlar axıdılmasını bütün dünyaya bəyan edib. Az sonra Azərbaycana qayıdan ulu öndər Heydər Əliyev imperiyanın ayrı-seçkilik siyasətinə qarşı daha barışmaz mübarizəyə başlayıb.
Məqalədə, həmçinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı rəşadətli Qələbədən bəhs olunur. Müəllif yazır ki, qəhrəman döyüşçülərimiz böyük Zəfərlə bütün xalqımızı qürurlandırıb, 20 Yanvar şəhidlərinin ruhlarını şad ediblər.