CƏMİYYƏT


TUMİB “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbiri Bərdədə keçirib

Bakı, 19 sentyabr, AZƏRTAC

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “İslam sivilizasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” layihəsi çərçivəsində növbəti tədbirini Bərdədə keçirib.

TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində keçirilən tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, din xadimləri, QHT fəalları, tələbə və gənclər iştirak ediblər.

Tədbir ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin anılması ilə başlayıb.

Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşı Fəxrəddin Əzizov çıxışında vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın vacibliyini vurğulayıb, belə tədbirlərin gənc nəslin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərdiyini bildirib.

TUMİB-in sədri Çingiz Bayramov Azərbaycanda dövlət-din münasibətlərinin ən yüksək səviyyədə olduğunu, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradıldığını vurğulayıb. O, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirib, bunun müsəlman ölkələri arasında əməkdaşlığın inkişafına töhfə verdiyini deyib.

Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov, rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov və digərləri çıxışlarında gənclərimizin İslam dininin mahiyyətini dərindən öyrənmələrinin, onların zərərli vərdişlərdən uzaq durmalarının, digər dinlərin və millətlərin nümayəndələrinə tolerantlıq göstərmələrinin zəruriliyini qeyd ediblər. Bildirilib ki, Azərbaycanda mövcud olan tolerantlıq modeli digər ölkələr üçün nümunədir. Bu nümunəni təbliğ etməyə böyük ehtiyac var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.