CƏMİYYƏT
TUMİB–in regionlarda həyata keçirdiyi layihə uğurla yekunlaşıb
Bakı, 20 sentyabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşdırdığı “İslam sivilizasiyasının, dövlət-din münasibətlərinin Azərbaycan modelinin region gəncləri arasında təbliği” layihəsi çərçivəsində sonuncu tədbiri Lerikdə keçirib.
TUMİB-dən AZƏRTAC-a bildirilib ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsinin anılması ilə başlayıb.
Layihə barədə məlumat verən TUMİB-in sədri Çingiz Bayramov İslamın sülh, sevgi, dostluq dini olduğunu vurğulayaraq, Azərbaycan cəmiyyətində hər zaman humanist düşüncənin hakim olduğunu bildirib. O, ölkəmizin dövlət-din münasibətləri modelinin nümunəvi olduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov Azərbaycanda milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə xüsusi həssaslıqla yanaşıldığını, ölkəmizdə sağlam mənəvi mühitin qorunub saxlanılmasında gənclərimizin üzərinə böyük vəzifələrin düşdüyünü vurğulayıb.
Rayon icra hakimiyyətinin əməkdaşı Rafiq Əzizov, gənclər və idman idarəsinin rəisi Natiq İsaqov, Lerik şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov, TUMİB-in idarə heyətinin üzvü Seymur Verdizadə çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının önəmindən danışıb, belə tədbirlərin keçirilməsinin gənclər arasında milli-mənəvi dəyərlərin təbliği işinə töhfə verdiyini qeyd ediblər.