İQTİSADİYYAT
TURİZMİN İNKİŞAFI YENİ İŞ YERLƏRİNİN AÇILMASINA SƏBƏB OLACAQ
Parlamentin iqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, dövlətimizin başçısının Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər) ilə əlaqədar 19 rayonda yeni turizm obyektləri yaradılmalıdır. Gənclər, İdman və Turizm Nazirliyi isə əlavə olaraq daha 12 rayonda turizm məntəqələrinin yaradılması ilə bağlı layihə hazırlamışdır. Bu, ölkədə işsizlik probleminin həllinə xidmət edəcəkdir. Mütəxəssislərin fikrincə, bir turistə xidmət etmək üçün 5-6 nəfər tələb olunur və Azərbaycanda bir turist orta hesabla həftə ərzində 780 ABŞ dolları xərcləyir. Bu, həm də büdcə gəlirlərinin artmasına, xidmət sahəsində infrastrukturun formalaşmasına səbəb olacaqdır. Ötən il ölkəmizə 1 milyon 300 min turist gəlmişdir. Azərbaycana gələn turistlərin sayının ilbəil artmasına nail olmaq üçün isə Qanuna müvafiq əlavənin edilməsi zərurəti yaranmışdır. Təklif olunan əlavəyə görə turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması müvafiq icra orqanı tərəfindən müəyyən ediləcəkdir. Bu da turizm sahəsində olan bəzi çətinlikləri aradan qaldıracaqdır. Qanunun əvvəlki variantında isə turizmin sertifikatlaşdırılması qanunvericiliyə uyğun olaraq həyata keçirilirdi.