SİYASƏT
TÜRKDİLLİ ÖLKƏLƏRİN İNFORMASİYA AGENTLİKLƏRİNİN İSTANBUL BƏYANNAMƏSİ QƏBUL EDİLMİŞDİR
Aprelin 16-da İstanbulun Çırağan sarayında türkdilli ölkələrin informasiya agentlikləri rəhbərlərinin görüşü keçirilmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Türkdilli Ölkələrin İnformasiya Agentlikləri Təşkilatının İstanbul Bəyannaməsi imzalanmışdır.
Bəyannaməni AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, Anadolu agentliyinin baş direktoru Hilmi Bengi, Qazaxıstan informasiya agentliyinin prezidenti Kadırbek Şalaxmedov, Qırğızıstanın “KABAR” milli informasiya agentliyinin baş direktoru Kubanıçbek Taabaldıyev, Şimali Kiprin informasiya agentliyinin baş direktoru Əmir Ərsoy imzalamışlar.
Görüş zamanı əldə olunan razılığa əsasən bu qurumun türk, ingilis və rus dillərində müştərək internet saytı yaradılacaqdır. Təşkilata üzv olan agentliklər bu sayta ölkələrinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatına dair məlumatlar daxil edəcək, öz aralarında fəal informasiya mübadiləsi aparacaqlar.
İmzalanma mərasimində xarici informasiya agentliklərinin rəhbərləri və jurnalistlər iştirak etmişlər.
Tural Rzayev
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul