SİYASƏT
TÜRKİYƏDƏ AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARININ SAYI ARTIR
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) I qurultayı ərəfəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları yığıncaqlar keçirir, forumda iştirak edəcək nümayəndələrini müəyyənləşdirirlər. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bursa, Balıkesir, Antalya, Manisa, İzmir, Aydın, Muğla və Koçayeli şəhərlərində bu cür tədbilər artıq keçirilmişdir. Qurultayda Türkiyədə fəaliyyət göstərən 18 Azərbaycan dərnəyindən 90 nəfər nümayəndənin iştirakı gözlənilir.
Yeni təşkilatların yaradılması istiqamətində də mühüm addımlar atılmışdır. Bu günlərdə Ədirne şəhərində Azərbaycan Evi Dərnəyinin təsis konfransı keçirilmiş və soydaşımız Tamer Qaradağ qurumunun rəhbəri şeçilmişdir. Bundan başqa Türkiyənin daha bir bölgəsində - Manisa şəhərinin Turqutlu rayonunda Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi yaradılmışdır. Dövlət Komitəsinin Türkiyədə ezamiyyətdə olan əməkdaşı Ramil Həsənov təsis konfranslarında iştirak etmişdir.
Qardaş ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarımız xeyriyyəçiliklə də məşğul olurlar. Koçayeli şəhərindəki soydaşlarımız bu şəhərdə təhsil alan beş azərbaycanlı tələbə üçün təqaüd təsis etmişlər.