SİYASƏT
TÜRKİYƏDƏ İŞLƏYƏN, TƏHSİL ALAN VƏTƏNDAŞLARIMIZ 12 DEKABRIN “HEYDƏR ƏLİYEVİ ANMA” GÜNÜ ELAN OLUNMASINI TƏKLİF EDİRLƏR
Bu matəm günlərində Ankaradakı səfirliyimiz ziyarətgaha dönmüşdür. Buraya gələn insanların arasında həm Türkiyə Respublikasının nazir və siyasi partiya rəhbərlərini, Çin, Braziliya, İsrail, Xorvatiya, Çili, Fələstin, Pakistan, Kanada, Küveyt səfirlərini, ölkənin cənub-şərqindən -Diyarbəkirdən gələn mühəndisi, Qəhrəman Maraş şəhərində işləyən professorumuzu, Ankarada, İzmirdə təhsil alan tələbəmizi görə bilirik. Dünyanın müxtəlif ölkələrindən, müxtəlif qitələrdən olan bu insanları tək bir şey - Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə olan sevgi və məhəbbət, hörmət və ehtiram birləşdirir.
Ankaradakı səfirliyimizin və İstanbuldakı Baş konsulluğumuzun ünvanına isə Türkiyənin nazirliklərindən, dövlət komitələrindən, ictimai təşkilatlardan, sənaye və ticarət müəssisələrindən, fondlardan, beynəlxalq təşkilatlardan, yerli şirkətlərdən, sadə vətəndaşlardan başsağlığı teleqramları daxil olmaqda davam edir.