SİYASƏT
TÜRKİYƏLİ MİLLƏT VƏKİLLƏRİ ŞƏKİDƏ VƏ QAXDA OLMUŞLAR
Deputat Məlahət Həsənova AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səfər qardaş ölkələrimizin deputatlarının, həmçinin parlamentlərimizdə təmsil olunan qadın siyasətçilərinin arasında əməkdaşlığın səmərəliliyini artırmaq və bütün sahələr üzrə daha da inkişaf etdirmək, məmləkətlərimizin iqtidar partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının əlaqələrini möhkəmləndirmək məqsədi daşıyır.
Qonaqlar Şəki Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra Vərəzət kəndinə gəlmiş, Çələngəzdə Azərbaycanın azadlığı uğrunda yadelli işğalçılara qarşı döyüşlərdə şəhid olmuş naməlum türk əsgərinin məzarını ziyarət etmişlər. Sonra qonaqlar Kiş kəndinə gələrək burada xalqımızın ümummilli lideri Heydər Əliyevin tapşırığı ilə tikilən 640 yerlik müasir tipli orta məktəb binasına baş çəkmiş, Qafqaz Albaniyasının ən qədim və nadir memarlıq abidəsi sayılan Kiş məbədi ilə yaxından tanış olmuşlar. Şəki Xan sarayı ilə, Tarix-diyarşunaslıq və xalq tətbiqi sənəti muzeyləri, rəsm qalereyası, milli şəbəkə emalatxanası və qədim “Karvansara” mehmanxana kompleksi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.
Şəki Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra başçısı Əşrəf Məmmədov hörmətli qonaqları səmimi salamlamış, Azərbaycanın ən qədim diyarlarından biri olan Şəkinin tarixi, mədəniyyəti, təbiəti, iqtisadiyyatı, adət və ənənələri barədə onlara ətraflı məlumat vermiş, hazırda həyata keçirilən geniş quruculuq və abadlıq işlərindən danışmışdır.
Türkiyəli qonaqlar Şəkidən xoş əhval-ruhiyyə ilə ayrılaraq Qaxa gəlmişlər.
X X X
“Biz Qaxda unudulmaz anlar yaşadıq. Bu gözəl diyarın füsunkar təbiəti də, mehriban insanları da bizi valeh etdi. Biz bu diyara yenə gəlmək arzusundayıq”.
Bu fikirlər Türkiyə Böyük Millət Məclisi qadın deputatlarının Qaxda keçirdikləri görüşlərdə dəfələrlə səslənmişdir.
Rayonun girəcəyində hörmətli qonaqları Qax Rayon İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov və ictimaiyyətin nümayəndələri mehribanlıqla qarşılamış, onlara tər çiçək dəstələri təqdim olunmuş, məktəblilərin ifasında dostluğu tərənnüm edən şerlər səslənmişdir.
Sonra qonaqlar Oncallı kəndində yerləşən Oğuz qəbiristanlığındakı “Hacı Tapdıq və Şeyx Yunis ziyarətgahı”na gəlmişlər. Türkiyəli qonaqlara məlumat verilmişdir ki, Azərbaycanın tanınmış tarixçi alimi Məşədixanım Nemətovanın elmi araşdırmalarına əsasən XIII-XIV əsrlərdə yaşamış məşhur türk şairi, ozan Yunis İmrənin məzarı ola bilsin ki, bu qəbiristanlıqdadır.
Daha sonra nümayəndə heyəti qədim tarixi abidələri ilə məşhur olan İlisu kəndinə gəlmiş, XIX əsr “Beş bulaq” abidə-kompleksinin ətrafında kənd sakinləri ilə söhbət etmişlər. Qonaqlar musiqi kollektivinin, yerli ifaçıların çıxışlarına qulaq asmışlar. Onlara Qaxın, o cümlədən də İlisu kəndinin tarixi, görkəmli şəxsiyyətləri barədə ətraflı məlumat verilmiş, Qax haqqında yazılmış kitablar və “Qax abidələri” bukletləri hədiyyə edilmişdir. Səmimi qəbula görə rayon rəhbərliyinə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Haluk İpək Qax torpağında keçirdikləri bu xoş anları heç vaxt unutmayacaqlarını qeyd etmişdir.