ELM VƏ TƏHSİL
TÜRKİYƏNİN ALİ MƏKTƏBLƏRİ İLƏ ƏMƏKDAŞLIQ MÜQAVİLƏLƏRİ İMZALANMIŞDIR
Bakı Dövlət Universitetinin rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Abel Məhərrəmovun dəvəti ilə Türkiyənin üç ali məktəbinin nümayəndə heyəti universitetdə olmuşlar. Nümayəndə heyətinə Kırıkkala Universitetinin rektoru, professor Təhsin Nuri Durlu, Fırat Universitetinin rektoru, professor Feyzi Bingöl, Qəbzə Yüksək Texnoloji İnstitutunun rektoru, professor Əhməd Ayhan və bu institutun prorektoru, professor Əbdülqədir Akçin, fakültə dekanı professor Salih Aynural və başqaları daxil idi.
Nümayəndə heyəti ilə keçirilən görüşdə A.Məhərrəmov müsəlman şərqində ilk universitet olan BDU haqqında ətraflı məlumat vermiş, son illər dünyanın bir çox nüfuzlu ali məktəbləri ilə əməkdaşlığından, burada yaradılmış “Türk odası” haqqında danışmışdır. Rektor xüsusi vurğulamışdır ki, Prezident Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində hazırda Azərbaycanda təhsil dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə yüksəlməkdədir.
Qardaş Türkiyənin ali məktəblərinin rəhbərləri BDU ilə əməkdaşlığa böyük maraq göstərdiklərini bildirmişlər.
Daha sonra nümayəndə heyətinin üzvləri BDU-da fəaliyyət göstərən “Heydər Əliyev muzeyi”, “Heydər Əliyev məktəbi”, habelə universitetin idman kompleksi ilə tanış olmuşlar.
İyunun 6-da BDU ilə Türkiyənin Qəbzə Yüksək Texnoloji İnstitutu və Firat Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır. Bundan əlavə, Kırıkkala Universiteti ilə 2002/2003-cü tədris ili üçün iş planı təsdiq olunmuşdur.