DÜNYA
TÜRKİYƏNİN AVROPA İTTİFAQINA DAXİL OLMASI MƏSƏLƏSİNƏ DAİR
Türkiyənin Ədalət və İnkışaf Partiyasının sədri Tayyib Ərdoğan Finlandiyanın baş naziri Paavo Lipponenlə birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdir: Əgər Avropa Birliyi Türkiyənin bu quruma daxil olması məsələsi barədə danışıqların başlanması tarixini yaxın vaxtlarda müəyyənləşdirməsə, Avropa Birliyi ilə Türkiyə, habelə qalan islam dünyası ilə AB arasında əlaqələr zəifləyə bilər. Müsəlmanlarda belə fikir yaranır ki, AB “xristian klubu”dur.
İTAR-TASS-ın verdiyi xəbərə görə, türk siyasətçisi demişdir ki, danışıqların tarixi müəyyən edilsə, bu, müsəlman dünyasının Avropa Birliyinə münasibətinə müsbət təsir göstərəcəkdir. “Biz AB-ni “xristian klubu” hesab etmirik və belə hesab etmək də istəmirirk. Lakin Avropa Birliyinin Kopenhagendə keçiriləcək zirvə görüşünün iştirakçıları Türkiyənin bu təşkilata daxil olmasına dair danışıqların başlanması tarixini müəyyənləşdirməsələr, bu, gərginlik yaradacaq və şübhə doğuracaqdır”.
Ərdoğan vurğulamışdır ki, Türkiyə bu məsələdə qətiyyətlidir və Avropa Birliyinin ondan tələb etdiyi islahatların həyata keçirilməsinə çox ciddi yanaşır. O demişdir: “İslam mədəniyyəti ilə demokratiyanın ahəngdar şəkildə mövcud ola bilməsini sübuta yetirmək bizim üçün vacibdir”. Türkiyə siyasətçisi bildirmişdir ki, ölkədə aparılan islahatlarda insan hüquqlarının pozulmasına son qoyulması və buna yol verənləri cəzalandırma da nəzərdə tutulur.
O vurğulamışdır ki, Türkiyə Kiprin bölünməsindən imtina etməyə dair BMT-nin planı ilə bağlı danışıqlara hazırdır. Ərdoğan demişdir ki, Türkiyə bu problemin qəti və birdəfəlik həlli yolunu tapmağa çalışır.
Finlandiyanın baş naziri də Türkiyənin həyata keçirdiyi islahatları yüksək qiymətləndirmişdir. Onun fikrincə, Türkiyənin Avropa Birliyi qarşısında götürdüyü və “Kopenhagen meyarları” adlandırılan öhdəliklərin yerinə yetirilməsinə yönəldilmiş səylərini dəstəkləmək və onun AB-yə daxil olmasına müsbət rəy vermək lazımdır. Bununla belə, Lipponen danışıqlara başlanmasının dəqiq tarixinin müəyyənləşdirilməsi məsələsində Finlandiyanın Türkiyəni dəstəkləyəcəyini vəd etməmişdir.