SİYASƏT
TÜRKİYƏNİN “SAMANYOLU” TELEVİZİYASI AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 85 İLLİYİ VƏ PREZİDENT HEYDƏR ƏLİYEVİN YUBİLEYİ MÜNASİBƏTİLƏ SƏNƏDLİ FİLM NÜMAYİŞ ETDİRMİŞDİR
Mayın 27-də Türkiyənin “Samanyolu” televiziyası (STV) ilə Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi və Prezident Heydər Əliyevin yubileyi münasibətilə sənədli film nümayiş etdirilmişdir.
Filmdə Heydər Əliyev gənc, müstəqil Azərbaycan dövlətinin qurulmasına rəhbərlik edən, bu işdə çox görkəmli rol oynayan bir şəxs kimi xarakterizə edilir.
Tamaşaçılara bu müdrik siyasətçinin tərcümeyi-halının məqamları xatırladılır və Sovetlər Birliyi dövründə yüksək vəzifələrdə zəngin təcrübə toplaması xüsusi vurğulanır. XX əsrin 70-80-ci illərində Azərbaycanın inkişaf etmiş respublikalardan birinə çevrildiyi bildirilir və bu, Heydər Əliyevin böyük istedadı, yüksək təşkilatçılıq bacarığı ilə əlaqələndirilir. İftixarla vurğulanır ki, Sovetlər Birliyində Siyasi Büroya qədər yüksələn yeganə türk Heydər Əliyev olmuşdur.
Filmdə 80-ci illərin sonlarında ermənipərəst Mixail Qorbaçovun və ətrafındakıların yeritdiyi antitürk-antiazərbaycan siyasəti yada salınır, bu siyasətə qarşı çıxan Heydər Əliyevin 1987-ci ildə vəzifədən uzaqlaşdırıldığı bildirilir.
Dağlıq Qarabağ münaqişəsində Qorbaçovun ermənipərəst movqeyindən, 20 Yanvar faciəsindən, Heydər Əliyevin Azərbaycanın Moskvada daimi nümayəndəliyindəki bəyanatından, o dövrdə ölkəmizin daxilində gedən proseslərdən də bəhs olunur.
Sənədli kadrlar 1993-cü ilin yayında xalqın təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əlyevin ölkəni fəlakətdən qurtarmasından, sonrakı illərdə Azərbaycanı dünya birliyinin layiqli üzvləri sırasına çıxarmasından söhbət açır.
Filmdə Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsində, Prezident Heydər Əliyevin xüsusi xidmətlərinin olduğu vurğulanır, onun məşhur “ Bir millət, iki dövlət” sözləri xatırladılır.
Azərbaycan Prezidentinin KİV-lərə qayğıkeş münasibətindən də bəhs olunur, STV-nin 10-illik yubileyi zamanı dövlətimizin başçısına “Jurnalistlərin dostu” mükafatının verildiyi bildirilir.
Filmdə müxtəlif fondlarda saxlanılan kino lentlərindən istifadə edilmişdir.