RƏSMİ XRONİKA
TÜRKİYƏ, AZƏRBAYCAN VƏ GÜRCÜSTAN ARASINDA ƏMƏKDAŞLIQDA MÜHÜM MƏRHƏLƏ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TRABZONA SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün aprelin 29-da Trabzona gəlmişdir.
Dövlətimizin başçısını hava limanında Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri, ölkəmizin Ankaradakı səfiri Məmməd Əliyev, İstanbuldakı baş konsulu Xeyrəddin Qoca və digər rəsmi şəxslər mehribanlıqla qarşıladılar.
Hava limanında Azərbaycan rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Heydər Əliyev türk əsgərlərini salamladı.
Dövlətimizin başçısı avtomobil karvanının müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha - “Zorlu Qrand” mehmanxanasına gəldi. Mehmanxananın qarşısına toplaşmış şəhər sakinləri və qonaqlar Azərbaycan Prezidentini hərarətli alqışlarla salamladılar. Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevi burada böyük hörmət və ehtiramla qarşıladı.
Sonra Gürcüstan Prezidenti Eduard Şevardndze “Zorlu Qrand” mehmanxanasına gəldi. Türkiyə, Azərbaycan və Gürcüstan prezidentləri burada birgə xatirə şəkli çəkdirdilər.
X X X
Trabzon Qara dəniz sahilində liman şəhəri, eyniadlı vilayətin inzibati mərkəzidir. Tarixi eramızdan əvvəl VII əsrə gedib çıxan şəhər həm də dağ silsilələri ilə əhatə olunduğundan gözəl təbiəti və mülayim iqlimi ilə fərqlənir. IV əsrdə Roma imperiyası parçalandıqdan sonra Trabzon Qərbi Roma və ya Bizans imperiyasının tərkibinə daxil olmuşdur. 1204-cü ildə səlibçilər Bizansın paytaxtı Konstatinopolu /indiki İstanbul/ tutduqdan sonra oradan qaçan imperator Aleksey Komnin mərkəzi Trabzon olan dövlət yaratmışdır. Azərbaycanın orta əsrlər tarixində mühüm rol oynamış Ağqoyunlular sülaləsinin Trabzon sarayı ilə dostluq və qohumluq əlaqələri var idi. Ağqoyunlu dövlətinin ən görkəmli nümayəndəsi olan Uzun Həsən Trabzon imperatoru IV İohann Komninin qızı Feodora /Dəspinə xatun/ ilə evlənmişdi. Onun qızı Aləmşah bəyimdən isə Səfəvi hökmdarı Şah İsmayıl doğulmuşdu. 1461-ci ildə Trabzon imperiyası sultan II Mehmet Fateh tərəfindən Osmanlı imperiyasına birləşdirilmişdir. 1918-ci ilin mart-aprel aylarında Trabzonda Türkiyə hökuməti və Zaqafqaziya Seymi nümayəndələrinin iştirakı ilə konfrans keçirilmişdir.
Trabzon müxtəlif dövrlərə və mədəniyyətlərə aid memarlıq abidələri ilə zəngindir. Osmanlı imperiyasının ən məşhur hökmdarlarından biri sultan I Süleyman Qanuni Trabzonda doğulmuş, sultan I Səlim Yavuzun anası Ayşə Gülbahar xatun burada dəfn olunmuşdur.
Türkiyə Respublikasının banisi böyük Mustafa Kamal Atatürk üç dəfə Trabzona gəlmişdir. 1924-cü ildə ilk gəlişi zamanı ona hədiyyə edilmiş gözəl bir köşk indi Atatürk muzeyidir. Böyük öndər vəsiyyətinin bir hissəsini burada yazmışdır.
Trabzonun həyatında turizm də xüsusi yer tutur. Trabzon Universiteti isə Türkiyənin aparıcı təhsil ocaqlarından sayılır.