SİYASƏT
TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ ABDULLAH GÜLÜN İNGİLTƏRƏYƏ SƏFƏRİ
Türkiyə baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gül İngiltərənin xarici işlər naziri Jak Strovun dəvəti ilə bu ölkəyə işgüzar səfərə getmişdir. AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, səfərdən əvvəl jurnalistlərin suallarına cavab verən Abdullah Gül iki ölkə arasındakı yaxın münasibətlərdən söhbət açmışdır. İngiltərəni müttəfiq bir ölkə hesab etdiyini və bu ölkənin Türkiyənin Avropa Birliyi üzvlüyünə namizədliyini səmimi şəkildə dəstəklədiyini bildirmişdir. Səfər zamanı Türkiyə-Avropa Birliyi münasibətləri, İraq və Kipr məsələləri ətrafında fikir mübadiləsi aparılacağını nəzərə çarpdıran xarici işlər naziri bəzi regional və beynəlxalq problemlərin də müzakirə olunacağını vurğulamışdır. Xatırladaq ki, Türkiyə parlamenti İraq müharibəsi ərəfəsində ABŞ və İngiltərə müttəfiq qüvvələrinin hərbi kontingentini ölkə ərazisində yerləşdirməyə icazə verməmişdi. Bu qərar Türkiyə-ABŞ və Türkiyə-İngiltərə münasibətlərində soyuqluq yaratmışdır. Siyasi şərhçilər Türkiyə xarici işlər nazirinin İngiltərəyə və iyul ayının sonunda ABŞ-a planlaşdırılan işgüzar səfərini, orada keçirəcəyi görüşləri müttəfiq ölkələr arasındakı anlaşılmazlıqların həlli yolunda əhəmiyyətli addım kimi qiymətləndirirlər.