SİYASƏT
TÜRKİYƏ KƏDƏRİMİZƏ ŞƏRİK OLUR
Dekabrın 13-də Türkiyənin nüfuzlu və yüksək tirajlı “Hürriyyət”, “Milliyyət”, “Axşam”, “Zaman”, “Radikal”, “Cümhuriyyət”, “Türkiyə”, “Yeni Şəfəq”, “Tərcüman”, “Posta”, “Sabah”, “Vətən”, “Yeni Çağ” qəzetləri baş səhifələrində Heydər Əliyevin şəkillərini dərc edərək, “O, bir əfsanə idi”, “Əfsanə lider vəfat etdi”, “Heydər Əliyevi itirdik”, “Azərbaycanda yas”, “Türk dünyası liderini itirdi”, “Heydər baba vəfat etdi” sərlövhəli xəbər və məqalələrə geniş yer ayırmışlar.
Türkiyə jurnalistləri Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin dolğun və zəngin həyatı, şanlı siyasət yolu haqqında ətraflı məlumat verərək, onun vəfatı barədə xəbərin bütün türk dünyasını dərindən sarsıtdığını vurğulayırlar. Onlar Azərbaycan xalqının kədərini bölüşür, Heydər Əliyevin hər zaman türklərin qəlbində yaşayacaq əfsanə olduğunu bildirirlər.