SİYASƏT
TÜRKİYƏ KİPRİN ŞİMAL HİSSƏSİNİ İLHAQ ETMƏK NİYYƏTİNDƏ DEYİLDİR
AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, aprelin 20-də Türkiyənin xarici işlər naziri Abdullah Gül “Si-En-En-Türk” telekanalına müsahibəsində bildirmişdir ki, əgər Kipr adasının cənub hissəsi Avropa Birliyinə daxil olsa, Türkiyə onun şimal hissəsini ilhaq etməyəcəkdir. O demişdir: “Bizim belə siyasi planlarımız yoxdur. Bizi əvvəlki hökumətlərdən bu fakt fərqləndirir”.
Xatırladaq ki, aprelin 16-da Afinada Avropa Birliyinə 10 yeni üzv qəbul edilməsi haqqında Akt imzalanmışdır. Onların arasında Kipr də vardır. Ada dövləti adından bu sənədi beynəlxalq aləmdə tanınmış, lakin adanın yalnız yunanlar yaşayan cənub hissəsinə nəzarət edən Kipr Respublikası hökuməti imzalamışdır.
Yeni ölkələrin Avropa Birliyinə tam qəbul edilməsi 2004-cü ildə, Akt ratifikasiya olunduqdan sonra olacaqdır.
Abdullah Gül demişdir ki, Türkiyə adanın birləşməsinə nail olmaq üçün o vaxtadək mümkün hər şeyi edəcəkdir.