SİYASƏT
TÜRKİYƏ MİLLİ TƏHLÜKƏSİZLİK ŞURASININ İCLASI
Avqustun 21-də Ankarada, Çankaya köşkündə Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərin sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının növbəti iclası olmuşdur. İclasda daxili, regional məsələlər haqqında fikir mübadiləsi aparılmış, hökumətin bəzi sahələrdə siyasi fəallığının zəruriliyi vurğulanmışdır.
Türkiyənin Azərbaycana və Mərkəzi Asiyanın türkdilli dövlətlərinə hər sahədə dəstəyinin gücləndirilməsi, beynəlxalq təşkilatlarda onların mövqelərinin əzmlə müdafiə edilməsi, bu ölkədəki səfirliklərdə işçilərin sayının artırılması, dost və qardaş ölkələrlə əlaqələrin bir mərkəzdən idarə olunması üçün xüsusi nazirliyin yaradılması məsələləri də müzakirə edilmişdir.
İclasda müzakirə olunan məsələlər Türkiyənin kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Ölkənin “Milliyyət”, “Zaman”, “Ortadoğu”, “Radikal” və digər qəzetlərində dərc olunmuş analitik məqalələrdə Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hüseyn Kıvrıqoğlunun Azərbaycana qarşıdakı səfərinin əhəmiyyəti də vurğulanır.
Tural Rzayev
AzərTac-ın xüsusi müxbiri
Ankara