Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ MİLLİ YIĞMA KOMANDASININ FUTBOL ÜZRƏ DÜNYA ÇEMPİONATINDA ÜÇÜNCÜ YER TUTMASI MÜNASİBƏTİLƏ AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN TƏBRİKİ

Mən bir neçə gün idi ki, Türkiyədə idim. Türkiyə futbol komandasının Braziliya komandası ilə dünya çempionatında oyununu bu ayın 26-da Ankarada biz böyük həyəcanla seyr edirdik, dinləyirdik. Bilirəm ki, Azərbaycanda hamı televiziya qarşısında idi və Türkiyədə də, demək olar ki, heç kəs işləmirdi, ancaq televiziya qarşısında oyunu seyr edirdi. 

Biz bu oyunu böyük həvəslə, həyəcanla, ümidlə seyr edirdik. Mən isə oyundan öncə öz arzularımı bildirərək, belə bir proqnoz verdim ki, Türkiyə futbol komandası Braziliyanı udacaq, sonra finala çıxacaqdır və Almaniya komandası ilə oynayacaqdır. Ola bilər ki, Almaniya komandasını da udsun və dünya çempionu olsun. Bəziləri buna bir az inanmırdılar, ancaq məndə böyük inam var idi. Bu inama görə də mən bu sözləri demişdim və bu inamla da həmin matçı seyr edirdim. Ancaq matç bizi bir az məyus etdi. Çünki Braziliya 1:0 hesabı ilə uddu. Amma mən şəxsən məyus olmadım. Çünki türk futbolçuları çox gözəl, cəsarətlə oynayırdılar. Çox gözəl futbol nümayiş etdirirdilər. Bir qol, -mən hesab edirəm ki, Braziliya futbolçuları tərəfindən çox uzaq məsafədən vurulan bir qol oyunun bütün müqəddəratını həll etdi. Beləliklə, oyun Braziliyanın xeyrinə qurtardı.

Ancaq yenə də biz ümidlə yaşayırdıq. Bu barədə mən şəxsən hər gün düşünürdüm. Bu gün də futbol matçını artıq Ankarada yox, Bakıda sona qədər seyr edirdim. Əvvəldən axıra qədər məndə böyük bir sevinc hissi vardı. Çünki Türkiyə futbolçuları çox yüksək futbol nümunəsi göstərdilər. Çox gözəl oynadılar.

Məlumdur ki, Koreya futbolçuları güclüdürlər, bu komanda çox güclüdür. Əgər nəzərə alsaq ki, oyun da Koreyada, onların meydanında gedirdi, onda düşünmək olar ki, Türkiyənin futbolçularına nə qədər iradə və ustalıq, məharət lazım idi ki, onlar bu oyunu udsunlar. Uddular... Oyunun ilk hissəsindən 3:1 hesabı ilə irəlidə idilər, biz çox sevinirdik. Mən heç düşünmürdüm ki, bu hesab dəyişilə bilər. Ancaq oyunun sonunda Koreya futbolçuları həddindən artıq canfəşanlıq etdilər, çox çalışdılar, hücuma keçdilər və bir qol da vurdular. Amma bu, məsələni həll etmədi. Türkiyənin futbol komandası Koreya kimi güclü futbol komandasını 3:2 hesabı ilə uddu.

Mən bu qələbə münasibətilə Türkiyə futbol komandasını səmimi qəlbdən təbrik edirəm, onlara uğurlar arzulayıram. İlk dəfədir ki, dünya futbol çempionatında Türkiyə futbolçuları 3-cü yerə çıxıblar. Bunun özü böyük nailiyyətdir. Əlbəttə, biz istərdik ki, 1-ci yer, 2-ci yer olsun. Ancaq gərək biz reallıqdan da uzaqlaşmayaraq. Çünki dünya çempionatında dəfələrlə yüksək nəticələr göstərən futbol komandaları yenə də bu dünya çempionatının iştirakçıları idilər. Mən hesab edirəm ki, belə bir vəziyyətdə bu, çox böyük qələbədir.

Mən Türkiyə futbol komandasını ürəkdən təbrik edirəm. Qardaş Türkiyə xalqını, Türkiyə Cümhuriyyətini ürəkdən təbrik edirəm. Bu qələbə Türkiyə vətəndaşları kimi, Azərbaycan vətəndaşlarını eyni dərəcədə sevindirir. Çünki məlumdur ki, Seneqal komandası ilə oyunda bu matçı Azərbaycanda nə qədər böyük həyəcanla seyr edirdilər. Matç qurtarandan sonra şəhərdə, bütün küçələrdə və meydanlarda əllərində Türkiyə və Azərbaycan bayraqları olan insanlar bir-birlərini təbrik edirdilər, qucaqlayırdılar, öpürdülər və bunu bizim hamımızın qələbəsi hesab edirdilər. Güman edirəm ki, bu gün də belədir.

İndi daxili işlər naziri mənə məlumat verdi ki, şəhərdə artıq əllərində bayraqlar olan insanlar, gənclər çoxdur, bayram edirlər. Bu, bayramdır. Türkiyə xalqının da, Azərbaycan xalqının da bayramıdır. Bu, təbii ki, bütün türk dünyasının böyük qələbəsidir. Biz bir-birimizdən ayrı deyilik. Təbiidir, meydanda oynayanlar bizim türk qardaşlarımızdır. Amma bu uğura, bu qələbəyə bizim hamımız birlikdə sevinirik, həm Türkiyə Cümhuriyyətinin, həm də Azərbaycan respublikasının vətəndaşları sevinir.

Mən bir də səmimi qəlbdən təbrik edirəm. Üçüncü yeri qazanmaq Türkiyə futbolçuları üçün çox böyük nailiyyətdir. Ümidvaram ki, bu cür yüksək futbol texnikasını mənimsəmiş futbolçular gələcəkdə daha da böyük nəticələr nümayiş edirəcəklər. Bu, bayramdır, təbrik edirəm və Türkiyə xalqına yeni-yeni uğurlar arzulayıram. Türkiyə futbolçularına yeni-yeni qələbələr arzulayıram. Sağ olun.

AzərTac

Foto Oqtay Aydınoğlunundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin