DÜNYA
TÜRKİYƏ NÜMAYƏNDƏSİ İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBİ SEÇİLMİŞDİR
AZƏRTAC-ın İstanbuldan aldığı xəbərə görə, Türkiyə nümayəndəsi, İslam Konfransı Təşkilatının İstanbuldakı Tarix, Sənət və Kültür Mərkəzinin baş direktoru professor Əkmələddin İhsanoğlu növbəti dörd il müddətinə İKT-nin baş katibi seçilmişdir.
Konfransda baş katibin seçilməsi ilə bağlı gərgin vəziyyət yaranmışdır. İKT-nin başçısı üç namizəd arasında konsensus əsasında seçilir. Ə.İhsanoğlunun namizədliyi əleyhinə çıxan Səudiyyə Ərəbistanı və Misir nümayəndə heyətləri Banqladeş nümayəndəsinin namizədliyini dəstəkləmişlər. Məsələnin müzakirəsi gecənin yarısınadək uzanmışdır. Konfrans nümayəndələri razılığa gəlmədiyindən Türkiyə nümayəndə heyətinin təklifi ilə açıq səsvermə keçirilmişdir. Nəticədə, konfrans iştirakçıları səs çoxluğu ilə Türkiyə nümayəndəsinin namizədliyini dəstəkləmişlər.