DÜNYA
TÜRKİYƏ PARLAMENTİ YENİ HÖKUMƏTİ TƏSDİQ ETMİŞDİR
Noyabrın 28-də Türkiyə Böyük Millət Məclisinin üzvləri yeni, 58-ci hökumətin proqramının müzakirəsindən sonra bu sənədlə bağlı mövqelərini bildirmişlər. Parlamentin iclasında iştirak edən 516 millət vəkilindən 346-sı proqramın lehinə, 170 nəfəri isə əleyhinə səs vermişdir. Beləliklə, Abdulla Gülün rəhbərlik etdiyi yeni hökumət səs çoxluğu ilə parlamentin etimadını qazanaraq rəsmən fəaliyyətə başlamışdır.
Ankarada AZƏRTAC-ın müxbirinə demişlər ki, yeni kabinetin qarşısında duran ilk mühüm vəzifə Avropa Birliyinin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının dekabrın 12-də Kopenhagendə keçiriləcək zirvə görüşündə Türkiyənin bu beynəlxalq quruma üzv qəbul olunması məsələsinin həllinə nail olmaqdır.
Məlumdur ki, BMT-nin baş katibi Kofi Annan Kipr adasındakı yunan və türk icmalarının uzun illərdən bəri davam edən münaqişəsinin həlli ilə bağlı yeni plan təqdim etmişdir. Lakin Şimali Kipr Türk Respublikasının prezidenti və baş naziri bu planın birtərəfli hazırlandığını, Türkiyə tərəfinin mənafelərinin nəzərə alınmadığını bəyan etmişlər. Ekspertlərin fikrincə, Yunanıstan başda olmaqla Avropa Birliyinin üzvü olan bir sıra ölkələr bu qanunun qəbul olunmaması üçün Türkiyəyə təzyiqləri artıracaqlar. Belə vəziyyətdə Türkiyənin yeni hökumətinin hansı addımı atacağı isə maraq doğurur.
Tural Rzayev
AzərTac-ın xüsusi müxbiri
Ankara