RƏSMİ XRONİKA


TÜRKİYƏ PREZİDENTİ ƏHMƏD NECDƏT SEZƏRİN AZƏRBAYCANA İŞGÜZAR SƏFƏRİ BAŞA  ÇATMIŞDIR

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəvəti ilə ölkəmizdə ikigünlük işgüzar səfərdə olan və Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak edən Türkiyə Respublikasının Prezidenti Əhməd Necdət Sezər sentyabrın 18-də axşam Bakıdan yola düşmüşdür.

Binə beynəlxalq hava limanı Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş, uçuş meydanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezidentlər Əhməd Necdət Sezər və Heydər Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Yolasalma mərasimində iştirak edən Azərbaycanın rəsmi dövlət və hökumət nümayəndələri Türkiyə Prezidenti ilə, türkiyəli qonaqlar isə Azərbaycan dövlətinin başçısı ilə sağollaşdılar.

Azərbaycan Prezidenti Heydər Əliyev Türkiyə Prezidenti Əhməd Necdət Sezəri təyyarənin pilləkəni yanında böyük mehribanlıqla yola saldı. Milli geyimli qız və oğlan dost və qardaş ölkənin Prezidentinə gül dəstəsi təqdim etdilər.

X X X

Baş nazirin müavini Abid Şərifov, Türkiyənin Bakıdakı səfiri Əhməd Ünal Çeviköz, Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyev, digər rəsmi şəxslər yolasalanlar arasında idilər.

AZƏRTAC

Foto Yaşar Xəlilovundur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin