DÜNYA
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ TBİLİSİYƏ GƏLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi 150 nəfərlik nümayəndə heyəti avqustun 11-də Tbilisiyə gəlmişdir. Nümayəndə heyətinin tərkibinə hökumətin, kütləvi informasiya vasitələrinin və biznesmenlərin nümayəndələri daxildirlər.
Nümayəndə heyətinin üzvlərini Gürcüstan Prezidenti Mixail Saakaşvili və Baş nazir Zurab Jvaniyanın qəbul edəcəyi, Türkiyə-Gürcüstan dövlətlərarası münasibətlər məsələlərinin müzakirə olunacağı bildirilir.
Avqustun 12-də nümayəndə heyətinin Batumiyə səfəri, türkiyəli biznesmenlərin Acarıstanda özəlləşdiriləcək obyektlərin vəziyyəti ilə tanış olmaları və Muxtar Respublikanın iqtisadi, ticarət infrastrukturlarının inkişafına qonşu ölkənin yardımı məsələlərinin müzakirəsi, Acarıstan rəhbərliyi ilə görüşü planlaşdırılmışdır.