Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ƏHMƏD NECDƏT SEZƏRƏ

Hörmətli cənab Prezident,

Əziz dostum, qardaşım,

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələr qurulmasının 10-cu ildönümü münasibətilə Sizi və dost Türkiyə xalqını ürəkdən təbrik edirəm.

Azərbaycanın müstəqilliyinin ilk olaraq qardaş Türkiyə Respublikası tərəfindən tanınmasını yüksək qiymətləndirirəm və bundan qürur duyuram.

Qədim tarixi köklərlə bir-birinə bağlı olan ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətləri ötən on il ərzində daim inkişaf etmiş və möhkəmlənmişdir.

Əminəm ki, dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri daha da genişlənərək, xalqlarımızın rifahina xidmət edəcəkdir.

Ümidvaram ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün Türkiyə dövləti öz səylərini bundan sonra da davam etdirəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Türkiyə xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 15 yanvar 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin