SİYASƏT
“TÜRKLƏR, AZƏRBAYCANLILAR, ERMƏNİLƏR: TARİXİHƏQİQƏTİN “SOYQIRIMI” KİTABI GÜRCÜ DİLİNDƏ DƏ ÇAPDAN ÇIXMIŞDIR
Ermənilərin özgə torpaqları hesabına dövlət yaratmaq məqsədi ilə əsrlər boyu apardıqları məkrli siyasət diplomatiya tarixində və elm aləmində müəyyən dərəcədə məlumdur. Bu barədə xeyli kitablar da yazılmışdır. Amma çox təəssüf ki, ümumən, dünya ictimaiyyəti ermənilərin xislətindən o qədər də xəbərdar deyildir. Əksinə, dünyanın hər yerinə yayılmış ermənilər saxta, lakin mütəşəkkil və məqsədyönlü təbliğatları nəticəsində özləri barədə “yazıq, əzabkeş” millət təsəvvürü yarada bilmişlər.
Son illər Azərbaycan müəllifləri də bədnam qonşularımızın xain niyyətlərini və rəzil əməllərini ifşa edən bir sıra kitablar yazmışlar. Lakin akademiklər Cəlal Əliyevin və Budaq Budaqovun adı çəkilən bu kitabı məzmunu və məsələnin şərhi baxımından digər nəşrlərdən yaxşı mənada fərqlənir. Məhz buna görə də qonşu Gürcüstanın bir sıra tanınmış alimləri, ictimai xadimləri həmin kitabın gürcü dilində nəşrini məqsədəuyğun saymış və bu barədə akademik Cəlal Əliyevə müraciət etmişdilər. Çünki erməni millətçiləri Gürcüstanda da az əməllər törətməmişlər və bu ölkənin torpaqları barədə də iddialarını gizlətmirlər. Ona görə də həmin kitabın gürcü dilində də nəşri aktual idi.
Kitabda verilmiş fikirlər müxtəlif ölkələrdə nəşr olunmuş əsərlərdən və hətta ermənilərin özlərinin qələmindən çıxmış sənədlərdən götürülmüş faktlara əsaslanır. Bu baxımdan erməni millətçi “Hnçaq” partiyasının müraciətnaməsinin mətni diqqəti cəlb edir. Həmin müraciətnamə erməniləri bütün vasitələrdən istifadə edərək, müstəqil dövlət yaratmaq uğrunda mübarizəyə çağırır. Ermənilər Qafqazda, Kiçik Asiyada gəlmə xalq olduğuna görə, təbii ki, belə dövləti özgə torpağında yaratmaqdan söhbət gedə bilərdi. Kitabın müəllifləri bu fikri daha da tutarlı dəlillərlə əsaslandırmaq üçün XIX əsrin sonunda Fransanın İstanbuldakı səfirinin xarici işlər nazirinə göndərdiyi məktubdan sitat gətirirlər. Hələ 1897-ci ildə dərc olunmuş həmin məktubda deyilir: “Müstəqil Ermənistan haqqında düşünməyə də dəyməz. Əgər Avropa hansısa ağlasığmaz şərait ucbatından Ermənistan yaradılmasını təklif edərdisə, bu yeni dövlətin hətta sərhədlərini belə göstərmək, demək olar ki, mümkün olmazdı”.
Müəlliflər erməni təbliğatına deyil, vicdanlı elmi araşdırmaların nəticələrinə əsaslanan tədqiqatçıların əsərlərindən gətirdikləri konkret faktlarla bir daha sübut edirlər ki, tarixdə “erməni soyqırımı” olmayıb, əsl soyqırımını ermənilər türklərə, azərbaycanlılara qarşı törədiblər. Son illərdə erməni təbliğat maşınının yenidən həmin məsələ ətrafında ajiotaj yaratdığını nəzərə alsaq, bu barədə əsl həqiqəti dünyanın bilməsi çox vacibdir. Bu baxımdan Cəlal Əliyev və Budaq Budaqovun kitabının böyük əhəmiyyəti var. Kitabda ermənilərin azərbaycanlılara qarşı nankorluğu, zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlər və nəhayət, Dağlıq Qarabağı Azərbaycandan qoparmaq kimi sərsəm niyyətlə başladıqları münaqişənin, müharibənin ağır nəticələri barədə də söhbət gedir. Müəlliflər belə bir cəhəti də vurğulayırlar ki, etnik təmizləmə ilə kifayətlənməyən ermənilər 1930-cu illərdən bəri Ermənistan deyilən ərazidə 15 mindən çox Azərbaycan coğrafi adlarını da planlı şəkildə dəyişdirmişlər.
Akademiklər Cəlal Əliyevin və Budaq Budaqovun kitabını oxuyarkən belə bir qəti qənaətə gəlirsən ki, müasir dünyada saxtakarlığın, yalan, böhtan və uydurmaların həqiqət kimi qələmə verilməsi, əsl həqiqətin isə özünə çətinliklə yol açmasının əsas səbəbi tarixi faktlara, hadisələrə ikili standartlarla, qərəzli yanaşmaqdan irəli gəlir. Bu isə olduqca təhlükəlidir. Çünki cinayət cəzasız qaldıqca daha çox bəlalar gətirir. Ona görə də ermənilərin çox böyük canfəşanlıqla və həyasızlıqla, eyni zamanda, ustalıqla yaydıqları uydurmalar, onların saxta təbliğatı qətiyyətlə ifşa olunmalı və gələcəkdə daha böyük bəlaların baş verməməsi üçün dünya ictimaiyyəti, nəhayət, erməni-daşnak millətçiliyinin əsl mahiyyətini bilməlidir. Adı çəkilən kitab bu baxımdan çox dəyərlidir.