DÜNYA
TÜRKMƏNİSTANDA ORTA MƏKTƏB MƏZUNLARINI İŞLƏ TƏMİN ETMƏK PROBLEMİ MEYDANA ÇIXIB
AZƏRTAC-ın Aşqabaddan aldığı xəbərə görə, Türkmənistanın orta məktəblərində son zəng vurulduqdan sonra məzunların işlə təmin edilməsi problemi meydana çıxmışdır. 105 mindən artıq oğlan və qız fəhlə və qulluqçuların sıralarına qoşulmalıdır. Ölkənin 16 ali məktəbinə daxil olmaq üçünsə onlar seçdikləri ixtisas üzrə ikiillik iş stajına malik olmalıdırlar. Bundan əlavə,Türkmənistanın alı məktəblərinə hər il yalnız 4 minə yaxın tələbə qəbul edilir.
Təhsil Nazirliyinin məlumatına görə, ölkədə bir milyondan artıq uşağın təhsil aldığı 1705 məktəbdə son zəng vurulmuşdur. Türkmənistanda doqquzillik orta təhsil sistemi tətbiq edilir. Buna görə də təhsil müddəti 10 il olan 16 türkmən-türk məktəbi ölkədə çox populyardır. Bu il yalnız 52 şagirdə orta təhsil haqqında Rusiya nümunəli şəhadətnamə təqdim olunacaqdır. Həmin şagirdlər bu ölkədə yeganə olan A.S.Puşkin adına rusdilli məktəbdə 11 il oxumuşlar.