İQTİSADİYYAT
TÜRKMƏNİSTAN AVROPAYA ELEKTRİK ENERJİSİNİ İXRAC ETMƏYƏ BAŞLADI
AZƏRTAC-ın müxbiri Aşqabaddan xəbər verir ki, Türkmənistan-İran-Türkiyə enerji körpüsü Türkmənistandan Avropaya elektrik enerjisi ixracını təmin etməyə başlamışdır. Türkmənistanın “Qüvvət” (Enerji) korporasiyası iki sazişi - Türkiyəyə elektrik enerjisi verilməsi haqqında və İranın energetika sistemi vasitəsilə tranzit haqqında sazişləri imzaladıqdan dərhal sonra körpü işə salınmışdır.Türkmənistanın elektrik enerjisinin alıcısı Türkiyənin “TETAŞ” elektrik enerjisi ticarəti korporasiyası oldu, İran ərazisi ilə tranziti isə İran Energetika Nazirliyinin “TƏVANİR” müəssisəsi təmin edəcəkdir.
Hazırda İrana və Türkiyəyə elektrik enerjisi ixracı Balkanabad (Türkmənistan)-Qondbad (İran)-Xoy-Başqala (Türkiyə) xətti ilə həyata keçirilir. Türkmənistan-İran sahəsi hələ 1999-cu ildə, İran-Türkiyə (Xoy-Başqala) sahəsi isə 2003-cü il dekabrın ilk günlərində tikilmişdir.
Sərəxs və Məşhəd rayonunda Türkmənistanın və İranın daha iki birləşdirici məntəqəsinin tikintisi başa çatdıqdan sonra ixracın həcmi xeyli artacaqdır.