SİYASƏT
TÜRKPA missiyası Azərbaycanda seçkilərin beynəlxalq standartlara uyğun keçdiyi qənaətindədir VİDEO
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) müşahidə missiyası Azərbaycanda Milli Məclisə seçkilərlə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında çıxış edən TÜRKPA-nın baş katibi Jandos Asanov təşkilatın müşahidə missiyasına yaradılmış şəraitə görə təşəkkürünü bildirib.
Müşahidə missiyasının seçkilərlə bağlı rəyini təqdim edən Qazaxıstan parlamentinin nümayəndəsi Serikjan Kanayev bildirib ki, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri, eləcə də TÜRKPA baş katibinin rəhbərliyi altında qurumun beynəlxalq missiyası noyabrın 1-də keçirilmiş parlament seçkilərinin qısamüddətli monitorinqini həyata keçirib.
O deyib ki, seçkilərin texniki və prosedur qaydaları, seçici qeydiyyatı, təlim materiallarının hazırlanması yüksək səviyyədə təşkil olunmuşdu. TÜRKPA müşahidə missiyasının üzvləri Binəqədi, Nəsimi, Səbail seçki dairələrinin məntəqələrində olub və müxtəlif siyasi partiyaların nümayəndələri ilə görüşüblər. “Biz seçicilərin seçki prosesinə sakit və təmkinli yanaşmasını müşahidə etdik”, - deyə S.Kanayev bildirib.
Bildirilib ki, seçkilərin keçirilməsi üçün mükəmməl hüquqi-texniki baza yaradılmışdı. Missiya tərəfindən hər hansı qanun pozuntusu qeydə alınmadı. Seçki prosesi Azərbaycanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun təşkil olunmuşdu. TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının gəldiyi nəticəyə görə, noyabrın 1-də parlament seçkiləri qanunauyğun keçib.