CƏMİYYƏT


TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının növbəti iclası Azərbaycanda keçiriləcək VİDEO

Ankara, 11 may, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin (Parlament) ev sahibliyi ilə Ankarada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması (ƏMTESQ) Komissiyasının 7-ci iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, ƏMTESQ Komissiyanın, eləcə də Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Akademik Əhliman Əmiraslanovun rəhbərliyi ilə keçirilən iclasda TÜRKPA-ya üzv ölkələrin təmsilçiləri, eləcə də Macarıstanın nümayəndəsi qatılıb.

Komissiyanın 7-ci iclası “TÜRKPA-ya üzv dövlətlərdə səhiyyə sistemlərinin uyğunlaşdırılması” mövzusuna həsr olunub.

İclasın girişində çıxış edən Əhliman Əmiraslanov, Türkiyənin TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Recep Şeker və TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

“TÜRKPA-ya üzv dövlətlərdə səhiyyə sistemlərinin uyğunlaşdırılması”na dair hesabat layihəsi ətrafında müzakirələr aparılıb.

Hesabat dinlənilib və müzakirələrin ardından təsdiq edilib. İclasda 2023-2028-ci illər üçün Komissiyanın növbəti iclaslarının mövzuları və Model Qanunların adları haqqında məlumat təqdim olunub.

İclas çərçivəsində “TÜRKPA-ya üzv dövlətlərdə pandemiya ilə mübarizə” mövzusunda iki sessiyadan ibarət seminar keçirilib.

TÜRKPA Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması Komissiyasının sədri Əhliman Əmiraslanov açılışdakı çıxışında mövzu ətrafında, eləcə də Azərbaycanda COVID-19 infeksiyasına qarşı aparılan mübarizə, görülən dövlət tədbirləri barədə geniş məlumat verib. Pandemiya ilə mübarizə istiqamətində Prezident İlham Əliyevin imzaladığı sərəncamların mahiyyətindən bəhs edən Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın virusa qarşı qəbul etdiyi qərarları və tətbiq etdiyi mübarizə üsullarını yüksək dəyərləndirib.

Sonra Komissiya sədrinin müavini, Türkiyənin TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Recep Şeker, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Komissiyanın və Qazaxıstanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Yeldos Abakanov, Komissiyanın və Qırğızıstanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Balbak Tulabaev, Özbəkistan Ali Məclisinin komitə sədri Odiljon İminovun çıxışları dinlənilib.

Sessiyada üzv dövlətlərin nümayəndələri ölkələrindəki mövcud vəziyyəti şərh ediblər.

Seminarın ikinci sessiyası “Qanunvericilik, mərkəzi hökumətin yerli idarəetmədə vəzifə və öhdəlikləri, müvafiq qurumlar, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olunub.

Hər iki sessiyada Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov ölkəmizə dair təqdimatlarla çıxış edib. Prezident İlham Əliyevin pandemiya ilə bağlı qəbul etdiyi qərarlar, imzalanan hüquqi sənədlər, pandemiya ilə mübarizə tədbirləri barədə geniş məlumat verən Rafiq Bayramov görülən çoxşaxəli tədbirlər, həyata keçirilən fəaliyyət proqramları, o cümlədən vaksinasiya, yoluxma, sağalma və itkilər barədə statistik rəqəmlər barədə iştirakçıları məlumatlandırıb.

Digər ölkələrin də mövzu ətrafında təqdimatları olub.

Tərəflər ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadə və sağlamlığın qorunması istiqamətində, ümumiyyətlə fövqəladə vəziyyət hallarında əməkdaşlığın əhəmiyyəti, təcrübə mübadiləsi, qarşılıqlı kömək hallarını yüksək dəyərləndiriblər.

Qırğızıstan təmsilçisi pandemiya dövründə Azərbaycanın göstərdiyi köməyi xatırladaraq, bunu heç vaxt unutmayacaqlarını ifadə edib.

TÜRKPA-nın Ətraf Mühit, Təbii Ehtiyatlar və Sağlamlığın Qorunması Komissiyasının səkkizinci iclasının Azərbaycanda keçirilməsi qərara alınıb. İclasın əsas mövzusu biomüxtəliflik olacaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.