MƏDƏNİYYƏT
TÜRKPA-nın Baş katibi: Azərbaycanın Qələbə sevincinə biz də qoşuluruq
Bakı, 13 noyabr, AZƏRTAC
İlk növbədə, hərbi əməliyyatların uğurla başa çatması, Azərbaycanın ana torpaqlarının azad olunması münasibətilə TÜRKPA katibliyi adından Prezident İlham Əliyev başda olmaqla qardaş Azərbaycan xalqını təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Qələbə münasibətilə Bakıda olan türk təşkilatları və həmkarım Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva ilə Fəxri xiyabanı, sonra isə Şəhidlər xiyabanını ziyarət etdik və bununla Azərbaycan xalqına öz sayğımızı göstərmək istədik. Bu uğur tək Azərbaycan xalqının uğuru deyil, eyni zamanda, bütün türk dövlətlərinin uğurudur. Azərbaycanda Qələbə münasibətilə hamı böyük sevinc hissi yaşayır və biz də onlara qoşuluruq”, - deyə Altınbek Mamayusupov bildirib.