SİYASƏT
TÜRKPA-nın Baş katibi Ermənistanın hərbi təxribatlarını kəskin şəkildə qınayıb
Bakı, 15 oktyabr, AZƏRTAC
TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarını kəskin şəkildə qınayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara və milli parlamentlərə ünvanlanan müraciətlərə cavab olaraq TÜRKPA-nın Baş katibi Ermənistan silahlı qüvvələrinin təxribatları, işğalçı ölkənin Azərbaycanın Gəncə şəhərini və digər ərazilərini ağır artilleriya və raket atəşinə tutmasını pisləyib.
Baş katib Altınbek Mamayusupovun göndərdiyi rəsmi məktubda Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatları, yaşayış məntəqələrini atəşə tutması və hərbi güc tətbiq etməsi bir daha kəskin şəkildə qınanıb. Baş katib bu hücum nəticəsində dinc vətəndaşların həlak olması ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.