MƏDƏNİYYƏT
TÜRKSOYUN BAŞ DİREKTORLUĞU BEYNƏLXALQ MÜKAFAT ÜÇÜN SƏNƏDLƏRİN QƏBULU VAXTININ 2003-CÜ İL NOYABRIN 1-DƏK UZATMIŞDIR
TÜRKSOY Beynəlxalq Mükafatını almaq üçün müsabiqəyə 2001-ci il yanvarın 1-dən sonra yaradılan və bu təşkilatın məqsədi və məramına uyğun orijinal əsərlər, o cümlədən ədəbiyyat, musiqi əsərləri təsviri sənətin müxtəlif janrları, kinematoqrafiya, memarlıq və sair sənət növləri üzrə, eləcə də ayrı-ayrı elm xadimləri, müəllif qrupları tərəfindən yaradılmış, türk dünyasının ortaq mədəniyyət xəzinəsinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair böyük nüfuz qazanmış proqramlar və layihələr təqdim edilə bilər.
Mükafatla təltif olunmaq üçün namizədlər TÜRKSOY üzvü olan ölkələrin mədəniyyət nazirlikləri, mədəniyyət və incəsənət sahələri üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, dövlət və müstəqil qurumlar, yaradıcılıq ittifaqları, KİV və sair tərəfindən irəli sürülə bilər.
Əsərlərin orijinal mətninə mütləq türk və rus dillərində tərcüməsi də əlavə olunmalıdır.
Seçilən əsərlər türkdilli ölkələri mədəniyyət nazirlərinin Daimi Şurasının 2003-cü ilin sonunda keçiriləcək iclasında elan olunacaqdır.
Mükafat 15.000 ABŞ dolları məbləğində müəyyən edilmişdir.
Qaliblərə mükafatların təqdimetmə mərasimi 2004-cü ildə TÜRKSOY-un üzvü olan ölkələrin birində keçiriləcəkdir.