SİYASƏT


TÜRKSOY DAİMİ ŞURASININ İCLASI BAŞA ÇATMIŞDIR

TÜRKSOY-un Daimi Şurasının 19-cu iclası fevralın 6-da öz işini başa çatdırmışdır. Bu münasibətlə Muzey Mərkəzində türkdilli ölkələrin mədəniyyət nazirləri birgə bəyannamə imzalamışlar.

TÜRKSOY-un fəaliyyətini ardıcıl surətdə dəstəklədiyinə və türkdilli ölkələrin mədəniyyət nazirlərinin növbəti görüşünün uğurla keçirilməsi üçün əlverişli şərait yaratdığına görə Daimi Şuranın üzvləri Azərbaycan Prezidenti Heydər Əliyevə öz dərin təşəkkürlərini bildirdilər.

Daim Şuranın iclasında TÜRKSOY-un baş direktorluğunun beynəlxalq proqramlarının 2002-ci ildə həyata keçirilməsi sahəsində Azərbaycan Mədəniyyət Nazirliyinin səmərəli fəaliyyət göstərdiyi, eyni zamanda 19-cu iclasın və türkdilli ölkələrin rəssamlarının əsərlərindən ibarət sərginin yüksək səviyyədə təşkil olunduğu və keçirildiyi xüsusi qeyd edildi.

Ötən dövrdə TÜRKSOY-un baş direktorluğunun fəaliyyəti və bu təşkilatın maliyyə hesabatı müzakirə olundu və təsdiq edildi. Azərbaycanın və Qazaxıstanın təklifinə əsasən Altay və Saxa-Yakutiya respublikaları müşahidəçi ölkələr qismində TÜRKSOY-a qəbul olundular.

İclasda mədəni irsin mühafizəsi haqqında YUNESKO-nun Beynəlxalq Konvensiyasının layihəsini dəstəkləmək məqsədəuyğun hesab edildi, türk dünyasının memarlıq abidələrinin qorunub saxlanması və bərpası üçün TÜRKSOY yanında Beynəlxalq Əlaqələndirmə Mərkəzinin yaradılması barədə Azərbaycan Mədəniyyət Nazirliyinin təklifi qəbul olundu, 2003-cü il üçün TÜRKSOY Beynəlxalq mükafatının verilməsi haqqında elanın mətni bəyənildi.

TÜRKSOY-un 10 min ABŞ dolları məbləğində mükafatı türkdilli ölkələrin rəssamlarının 5-ci Beynəlxalq yaradıcılıq laboratoriyasının iştirakçısı, Xakas rəssamı Aleksey Ulturqaşevə verildi.

Xakasiya Respublikasının mədəniyyət naziri Natalya Dyarçenko 20-ci iclasadək olan dövrdə TÜRKSOY-un müvəqqəti əlaqələndiricisi seçildi.

TÜRKSOY-un 20-ci iclasının 2003-cü ilin iyulunda Xakasiyanın paytaxtı Abakan şəhərində keçirilməsi qərara alındı.

Sonra mətbuat konfransı keçirildi. Türkdilli ölkələrin mədəniyyət nazirləri jurnalistləri maraqlandıran suallara cavab verdilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.