MƏDƏNİYYƏT
TÜRKSOY Elbası Nursultan Nazarbayevin yubileyini musiqili proqramla təbrik edib VİDEO
Ankara, 6 iyul, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin 80 illik yubileyini musiqili proqramla təbrik edib.
AZƏRTAC xəbər verir ki, layihənin icrası TÜRKSOY-un Ankaradakı Mərkəzi Qərargahından distant yolla təmin olunub.
Təbrik proqramına TÜRKSOY Xalq Çalğı alətləri Orkestri ilə bərabər Qazaxıstanın “Korkıt” və “Sazgən sazı” folklor musiqi qrupları da qatılıblar.
Proqramında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan və Saha-Yakut bölgələrini, Moldovanın Qaqauz yerini təmsil edən əllidən artıq görkəmli sənətçi iştirak edib.
TÜRKSOY-un musiqi layihələrinin rəhbəri Arman Nurmahamatuli tərəfindən idarə olunan proqramda Elbası Nursultan Nazarbayevin sözlərinə bəstələnmiş “Üş konır” mahnısı ifa olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara