MƏDƏNİYYƏT


TÜRKSOY türk dünyasının rəssamlarını yenidən bir araya gətirib

Ankara, 18 avqust, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türk dünyasının rəssamlarını yenidən bir araya gətirib. Azərbaycanı bu görüşdə 4 rəssam təmsil edir.

AZƏRTAC xəbər verir ki, budəfəki görüş Türkiyənin Safranbolu şəhərində təşkil olunub.

Safranbolu bələdiyyəsinin sədri Əlif Kösə və Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı rəsmi nümayəndəsi, TÜRKSOY 22-ci Rəssamlar Görüşməsi layihəsinin koordinatoru Elçin Qafarlı birgə mətbuat konfransında tədbirin məqsəd və nəticələri barədə geniş məlumat veriblər.

Bildirilib ki, məlum layihə çərçivəsində budəfəki tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan daxil olmaqla, ümumilikdə 11 məmləkətdən fırça sənətçiləri iştirak ediblər. Layihənin tarixi, keçdiyi inkişaf yolu, qarşıya qoyulan vəzifələr barədə ətraflı məlumat verən E.Qafarlı qeyd edib ki, tədbirin təşkilində məqsəd türk dünyasının rəssamlarının həm təcrübə mübadiləsinə nail olmaq, həm yeni-yeni əsərləri tanıtmaq, həm də ümumi mənada türk xalqlarının rəssamlıq sənətindəki nadir üslublarını dünyaya nümayiş etdirməkdir.

Avqustun 28-dək davam edəcək layihə çərçivəsində iştirakçı rəssamların əsərlərindən ibarət avqustun 27-də açılacaq sərgi sentyabrın 5-də başa çatacaq.

Münsiflər heyəti tərəfindən seçiləcək tabloların müəllifləri TÜRKSOY tərəfindən mükafatlandırılacaqlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.