DÜNYA
TÜRKSOY-un baş katibi Özbəkistanda işgüzar səfərdədir
Daşkənd, 31 dekabr, АZƏRTAC
TÜRKSOY-un baş katibi Düsen Kaseinov Özbəkistanın mədəniyyət naziri Baxtiyar Sayfullaevin dəvəti ilə bu ölkədə işgüzar səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Düsen Kaseinov Daşkənddə bir sıra görüşlər keçirib.
Baş katibin Baxtiyar Sayfullaevlə görüşündə tərəflər arasında əlaqələrin inkişafı istiqamətində geniş fikir mübadiləsi aparılıb. Görüşdə 2020-ci ildə Xivə şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” statusuna namizədliyi məsələsi də müzakirə edilib.
TÜRKSOY-un baş katibi Özbəkistanın zəngin mədəni irsinin ancaq özbək xalqına və türk dünyasına deyil, bütün bəşəriyyətə məxsus olduğunu bildirərək deyib: “Ona görə də biz bu xalqın milli mədəni irsinin qorunması istiqamətində fəaliyyətimizi genişləndirməliyik”.
Özbəkistanın mədəniyyət naziri qeyd edib ki, dövlət başçısı Şavkat Mirziyoyev ölkənin milli mədəni irsinin qorunub saxlanması, inkişafı və təbliğinə xüsusi diqqət yetirir və onlar da bu istiqamətdə əlaqələri daha da genişləndirmək əzmindədirlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd