MƏDƏNİYYƏT
TÜRKSOY-un baş katibi fəaliyyətinin yeni dövründə ilk səfərini Azərbaycana edib
İstanbul, 7 dekabr, AZƏRTAC
Növbəti 3 il üçün yenidən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi seçilən professor Düsen Kaseinov fəaliyyətinin yeni dövründə ilk səfərini Azərbaycana edib.
AZƏRTAC TÜRKSOY katibliyinə istinadla xəbər verir ki, Düsen Kaseinovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 7-də Bakıda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşəcək.
Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu təhsil ocağı ilə TÜRKSOY arasında əməkdaşlıq müqaviləsi imzalanacaq və ADPU–da TÜRKSOY kafedrasının açılışı olacaq.
Bundan başqa, TÜRKSOY nümayəndə heyəti Bakıda Molla Pənah Vaqifin 300 və böyük balkar şairi Kaysın Quliyevin 100 illik yubiley tədbirlərində, o cümlədən Azərbaycan Xalça Muzeyində “Türk dünyası nağılları” kitabının təqdimat mərasimində iştirak edəcək. TÜRKSOY sözügedən tədbirlərin təşkilatçılarından biridir.
Qeyd edək ki, TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının dekabrın 5-də Qazaxıstanın Türküstan şəhərində keçirilən 35-ci toplantısında professor Düsen Kaseinov növbəti 3 il üçün təşkilata baş katib seçilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul