İQTİSADİYYAT
“TURKUAZ” layihəsi çərçivəsində rekord sayda konteyner yola salınıb
Bakı, 16 iyul, AZƏRTAC
“ADY Konteyner” şirkəti Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə əlavə yüklərin cəlb olunması istiqamətində fəaliyyətini davam etdirir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, BTQ vasitəsilə Gürcüstandan keçməklə Türkiyədən Azərbaycana və əks istiqamətdə konteyner qatarları ilə yüklərin çatdırılmasını nəzərdə tutan “TURKUAZ” layihəsi çərçivəsində ilk dəfə olaraq rekord sayda - 48 konteynerdən ibarət blok qatar ölkəmizə yola düşüb. 45 futluq konteynerlərdə Konya şəhərindən Bakıya şəkər tozu çatdırılacaq. Qatarla ümumilikdə ölkəmizə 1344 ton şəkər tozu gətirilir.
“ADY Konteyner”in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” layihəsi çərçivəsində daşımaların həcmi artmaqdadır. Ötən ay layihə çərçivəsində 222 konteyner daşınıb. Artıq yola düşən və yüklənməkdə olan konteynerlərin sayı deməyə əsas verir ki, bu ay daşınacaq konteynerlərin sayında da artım olacaq. Bu da öz növbəsində BTQ ilə daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq.