TÜRK POLİSİ UZANLARI AXTARIR
AzerTAg.az
Xəbər verdiyimiz kimi, Türkiyədə 100-dən çox şirkəti, radio və televiziya kanalları, qəzetləri, bankları, telefon və elektrik stansiyaları olan “Uzan qrupu” haqqında hüquq-mühafizə orqanları tərəfindən ətraflı araşdırma aparılır. Bu qrupa aid şirkətlərin fəaliyyəti ölkənin maliyyə-vergi müfəttişləri və hüquq ekspertləri tərəfindən təftiş olunur. Müəyyən məsələləri aydınlaşdırmaq üçün Uzan ailəsi üzvlərinin də istintaqa cəlb edilməsi qərara alınmışdır. İstintaq qaçaqmalçılıq və mütəşəkkil cinayətlərlə mübarizə idarəsinin rəisi Hənifə Avcının rəhbərliyi altında aparılır.
“Hürriyyət”, “Sabah”, “Radikal”, “Türkiyə”, “Zaman”, “Yeni Şəfəq”, “Axşam”, “Cümhuriyyət” qəzetlərinin məlumatına görə, Kamal Uzan, Hakan Uzan, Yavuz Uzan haqqında həbs qərarı verilmişdir. Polis bu şəxsləri istintaqa cəlb etmək üçün İstanbuldakı, Adapazarındakı villalarda və başqa yerlərdə axtarış aparsa da, hələlik onları tapa bilməmişdir. Türkiyənin Gənc Partiyasının sədri Cem Uzana qarşı narazılıq isə gündən-günə artmaqdadır. Partiyanın Adana şəhərindəki mitinqindən öncə bir qrup vətəndaş Cem Uzana yumurta ataraq, İmar Bankında baş verən maliyyə fırıldaqlarına hiddətlərini bildirmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var