DÜNYA
TUTANXAMON KOSMOS ELÇİSİNİ SİNƏSİNDƏ GƏZDİRİRMİŞ
Bu böcək qədim misirlilərdə dini məna daşıyırdı və məhsuldarlıq rəmzi sayılırdı. Təəccüblü deyildir ki, fironun boyunbağısını məhz o bəzəyirdi. Lakin alimləri böcəyin hazırlandığı sarı-yaşıl rəngli materialın mənşəyi daha çox maraqlandırırdı.
Tədqiqatçılar bəzək əşyasını diqqətlə öyrənərək müəyyənləşdirmişlər ki, Tutanxamonun boyunbağısının mənşəyi planetimizlə bağlı deyildir: onun kəsildiyi vulkanik şüşə Yer kürəsinə meteorit düşdüyü zaman əmələ gəlmişdir.
Belə şüşəyə yalnız Böyük Səhranın şərqindəki Böyük Qumlu göldə rast gəlmək mümkündür. Bu, indiyədək dünyada məlum olan bütün şüşələrdən ən təmizidir. Meteoritin düşməsi zamanı yüksək temperaturun təsiri altında qumun əriməsi nəticəsində əmələ gələn bu şüşənin tərkibindəki kvarsın miqdarı 98 faizə çatır. Təxminən 119 metr diametrli kosmik “səyyah” təqribən 30 milyon il əvvəl, demək olar, saniyədə 20 min metr sürətlə Yer atmosferinə girərək parçalanmışdır. Özü də bu zaman temperatur Günəşin səthindəkindən yüksək olmuşdur. Bu hərarət qumu və daşları əridərək, onları vulkanik şüşəyə çevirmişdir.
Tədqiqatçılar deyirlər ki, şüşə çox möhkəm olduğu və sındırılarkən iti tillər əmələ gəldiyi üçün ondan müxtəlif alətlərin hazırlanmasında istifadə edilirdi. Bundan əlavə, həmin materialın çox gözəl və qeyri-adi rəngi var. Çox güman, Tutanxamonun boyunbağısındakı böcək də köhnə alətlərin birindən kəsilmişdi.