İQTİSADİYYAT


TÜTÜNÇÜLÜKLƏ BAĞLI SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

“European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyətinin təşəbbüsü, kənd təsərrüfatı və iqtisadi inkişaf nazirliklərinin dəstəyi ilə Zaqatalada “Qiymətli və yüksək keyfiyyətli tütün xammalı bazasının yaradılması” mövzusunda seminar-müşavirə keçirilmişdir. Tədbirdə əlaqədar nazirliklərin, “European Tobacco-Baku” ASC-nin, AtaBankın, yerli icra hakimiyyətlərinin və bələdiyyələrin nümayəndələri, “Zaqatala Tütün” və “Balakən Tütün” ASC-lərin rəhbərləri və mütəxəssisləri, tütünçülüklə məşğul olan fermerlər iştirak etmişlər.

Zaqatala icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, seminar-müşavirədə bölgənin iqtisadiyyatı üçün xüsusi əhəmiyyəti və potensial imkanları olan tütünçülükdə son illər yaranan tənəzzülün səbəbləri araşdırılmış, bu sahənin dirçəldilməsi ilə bağlı görülən işlərdən söhbət açılmışdır. Qeyd olunmuşdur ki, istehsalçı, tədarükçü, emal və xidmət müəssisələri arasında əlaqələrin pozulması, ənənəvi bazarların itirilməsi tütünçülüyün inkişafına öz mənfi təsirini göstərmişdir.

Seminarda fermerlərə öz fəaliyyətlərini bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə qurmaq üçün müvafiq tövsiyələr verilmiş, bölgədə yerli şəraitə uyğun “Samsun”, “Dubek” və başqa ətirli, yarımətirli yeni tütün sortlarının öyrənilməsi, toxum istehsalının artırılması, sadələşdirilmiş qaydada kreditlərin verilməsi məqsədi ilə qrupların yaradılması ilə bağlı təkliflər səslənmişdir. Təkcə Zaqatala rayonunda tütünçülüklə məşğul olan 4 min nəfərə yaxın fermerdən heç birinin bu günədək kredit ala bilməməsi bu sahənin inkişafına birbaşa təsir edən amil kimi qiymətləndirilmişdir. Bildirilmişdir ki, kreditə olan ehtiyacların ödənilməsi, aqroservis xidmətinin yaxşılaşdırılması, fermerlərlə tədarükçü müəssisələr arasında müqavilələrin bağlanması, satış qiymətlərinin tənzimlənməsi tütünçülüyün sürətli inkişafına müsbət təsir göstərəcəkdir.

Seminarda “European Tobacco-Baku” ASC-yə yerli şəraitə tam uyğunlaşmış, Zaqatala Bölgə Təcrübə Stansiyasında yetişdirilmiş ətirli tütün sortlarının əkilməsi və tədarük olunması məqsədi ilə rayonun müxtəlif ərazilərində bir neçə fermer təsərrüfatını himayəyə götürmək təklif edilmişdir.

Seminar-müşavirə başa çatdıqdan sonra iştirakçılar Zaqatala Bölgə Təcrübə Stansiyasına gedərək, burada yetişdirilən ətirli tütün sortları ilə tanış olmuş, Muxax və Aşağı Tala kəndlərində tütünçü fermerlərlə görüşmüşlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.