REGİONLAR
TÜTÜNÇÜLÜYÜN İNKİŞAF PROBLEMLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR
İqtisadi İnkişaf, Kənd Təsərrüfatı nazirliklərinin, tütün emalı müəssisələri nümayəndələrinin və fermerlərin iştirak etdiyi müşavirədə məlumat verilmişdir ki, bu müşavirə cari ildə regionlarda tütünçülüyün inkişaf problemlərinə həsr olunmuş tədbirlərin yekunudur. Tədbirlərdən birində - avqust ayında Şəkidə sahənin inkişafı üçün görülən işləri, həyata keçirilən tədbirləri əlaqələndirməkdən ötrü səhmdar cəmiyyətin Təşkilat Komitəsi yaradılmışdır. Tütünçülüyün dirçəldilməsi istiqamətində səhmdar cəmiyyət, müvafiq nazirliklər, regionlardakı emal müəssisələri əlbir fəaliyyət göstərmişlər. Şəki və Zaqatalada nümunəvi əkin sahələri yaradılmışdır. Bu sahələrdən yığılan məhsul “European Tobacco-Baku”da analizdən keçiriləcək və müəssisə bəyəndiyi növdən gələn il üçün istədiyi miqdarda xammal sifariş verəcəkdir.
Müşavirədə qeyd olunmuşdur ki, tütün istehsalçılarının başlıca problemi kreditlə bağlıdır. İndiyədək bir nəfər də olsun tütünçü kredit almamışdır. Bankların qoyduğu şərt fermerlərə sərfəli deyildir. Təklif olunmuşdur ki “European Tobacco-Baku” ASC emal müəssisələrinə müəyyən məbləğdə vəsait ayırsın, müəssisələr isə imkanlarına yaxşı bələd olduğu fermerlərə həmin vəsaitdən kredit versinlər. Xüsusi vurğulanmışdır ki, növlər rayonlaşdırılmalı, keyfiyyətə ciddi fikir verilməli, toxum seçilməsində pərakəndəlik olmamalı, bu işdə yalnız alimlərin və Dövlət Sort-Sınaq Komissiyasının rəyi əsas götürülməlidir. Çünki toxum seçimində özbaşınalıq növlərin cırlaşmasına səbəb olur.
Natiqlər sağlam bazar rəqabəti məsələsinə də toxunmuşlar. Təəssüflə qeyd edilmişdir ki, bu gün ölkədə yeganə siqaret istehsalçısı “European Tobacco-Baku”dur. Ona görə də hələlik xammalın keyfiyyəti və qiyməti barədə son söz ona məxsusdur. Fermerlərin əksəriyyətinin respublikadan kənarda bazar axtarmaq imkanı yoxdur. Tütünçü fermerlərin təşkilatlanması zəruriliyindən də danışılmış, onların fəaliyyətini nizamlayan əlaqələndirmə mərkəzinə ehtiyacın olduğu əsaslandırılmışdır.
Bütün çətinliklərə baxmayaraq, ötən illə müqayisədə tütünçülükdə irəliləyiş olduğu nəzərə çatdırılmışdır. Belə ki, bu il dekabr ayının 1-dək 4 min 136 ton məhsul istehsal olunmuşdur. Bu, 2002-ci ilin müvafiq dövründəkindən təqribən 1000 ton çoxdur.
Müşavirədə, həmçinin məlumat verilmişdir ki, bu ildən başlayaraq Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakültəsində tütünçülük fənni də tədris olunacaqdır. “European Tobacco-Baku” bundan ötrü lazım olan bütün şəraiti yaradacaqdır. Tütünçü alim B. Abbasov bu yaxınlarda “Tütünçülük” dərsliyini çap etdirmişdir