CƏMİYYƏT
Tacikistan nümayəndə heyəti Azərbaycan Tibb Universitetində görüşlər keçirib
Bakı, 12 mart, AZƏRTAC
Tacikistan Dövlət Tibb Universitetinin prorektoru, professor Saidmukim İbodovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) qonağı olub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonaqlar ATU-nun klinikaları, tədris binaları ilə yaxından tanış olub, universitetdə tədris prosesini izləyiblər.
Görüş zamanı universitetin elmi işlər üzrə prorektoru, dosent Rauf Əliyev universitetdə aparılan islahatlar barədə məlumat verib, elektron universitet sisteminə keçidin tətbiqi, xarici tələbələrin yeni üsulla qəbulu, imtahan prosesindəki dəyişikliklərdən bəhs edib.
ATU-nun professor Rizvan Məmmədov tacikistanlı həmkarlarına rezidentura sistemi haqqında məlumat verərək bildirib ki, hazırda 40 ixtisas üzrə rezidenturaya qəbul aparılır.
Nümayəndə heyətinin üzvləri Tacikistan Dövlət Tibb Universitetində rezidentura sisteminin tətbiqi sahəsində əməkdaşlıq perspektivlərini, iki ölkə arasında səhiyyə və tibb təhsili sahəsində əməkdaşlığın müxtəlif tərəflərini müzakirə ediblər.