QAN YADDAŞI


Tacikistan portalında 20 Yanvar faciəsi ilə bağlı məqalə dərc olunub

Düşənbə, 21 yanvar, AZƏRTAC

Tacikistanın “faraj.tj” portalında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı tacik dilində “Azərbaycan 20 Yanvar qurbanlarının xatirəsini yad edir” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə 20 Yanvar faciəsi haqqında ətraflı danışılır. Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərlərinin göstərişi ilə sovet ordusu və daxili qoşun hissələri, o cümlədən “rezervist” adlandırılan, əksəriyyəti ermənilərdən ibarət olan quldurlar Bakıya göndərilib. Bir gecədə günahsız insanlar - qocalar, qadınlar, uşaqlar qətlə yetirilib, yaralanıb, şəhərin küçələri dağıdılıb. Həmin hadisələr zamanı 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 800-dən çox şəxs həbs edilib. Yalnız yanvarın 20-də səhər saatlarında radio vasitəsilə Bakıda fövqəladə vəziyyətin elan edilməsi haqqında M.Qorbaçovun fərmanı elan olunub.

Yazıda vurğulanır ki, faciədən bir gün sonra o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın bu şəhərdəki daimi nümayəndəliyinə gedərək 20 Yanvar faciəsini törədənləri, o cümlədən M.Qorbaçovu ittiham edib, faciəyə görə məsuliyyəti onun daşıdığını vurğulayıb. Ulu öndər Heydər Əliyevin bu cəsarətli addımı hadisələrlə əlaqədar yaranan informasiya blokadasını yarıb.

Yazıda “Qalxan” təşkilatının müstəqil ekspertlərinin rəyindən bir hissə də verilib. Orada deyilir: “İnsanlar yaxın məsafədən güllələnib. Rövşən Rüstəmovda 23, Yan Meyeroviçdə 21, Cəbrayıl Xanməmmədovda 10 güllə yarası aşkar edilib. Təcili yardım maşınları güllələnib, həkimlər öldürülüb. Bakıda 5,45 kalibrli qadağan olunan güllələrdən də istifadə olunub”.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.