SİYASƏT
Tacikistan portalında Azərbaycanın Respublika Gününə dair məqalə dərc olunub
Düşənbə, 29 may, АZƏRTAC
Tacikistanın “faraj.tj” portalı Azərbaycanın milli bayramı - Respublika Gününə dair məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 103 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasından, mövcud olduğu qısa müddət ərzində gördüyü işlərdən və onun süqutunun səbəblərindən bəhs edilib.
Bildirilib ki, 103 il əvvəl müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik respublika qurulub, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq sahələrində böyük işlər görülüb, ilk dəfə qadınlara səsvermə hüququ verilib. Eyni zamanda, Şərqdə ilk opera Azərbaycanda yaranıb.
Qeyd olunub ki, qısa müddətdə Azərbaycanın dövlət bayrağı, himni və gerbi qəbul edilib. Azərbaycanda parlament, nazirliklər yaradılıb. Qısa fəaliyyəti dövründə Azərbaycan 155 qanun qəbul edib. Həmçinin elm, təhsil, səhiyyə sahələrində bir sıra uğurlar qazanılıb, müxtəlif məktəblər açılıb, Bakı Dövlət Universiteti yaradılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə