CƏMİYYƏT
Tacikistanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb VİDEO
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Respublikasının Tacikistandakı Səfirliyi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü silsilə tədbirlərlə qeyd edir. Bu əlamətdar günə müxtəlif mədəni tədbirlər, o cümlədən, konsertlər, sərgilər həsr olunur.
AZƏRTAC xəbər verir ki, mayın 10-da səfirlikdə Ümummilli Lider Heydər Əliyevin Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış büstünün təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Tacikistan Respublikasının dövlət və ictimaiyyət nümayəndələri, Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və üzvləri, aparıcı media qurumlarının əməkdaşları və Tacikistanda yaşayan soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov tədbir iştirakçılarına Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verib, Ümummilli Liderin müstəqil Azərbaycanın yenidən qurulmasındakı rolundan söhbət açıb. Səfir müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, enerji strategiyasının əsasının qoyulduğunu və ölkəmizin beynəlxalq aləmdəki mövqelərinin möhkəmləndiyini vurğulayıb. Ə.Əsgərov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin davamlı inkişafı naminə əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra çıxış edən Tacikistan Respublikasının Xarici İşlər Nazirliyinin MDB ölkələri İdarəsinin rəisinin müavini Xurşed Səfərov Heydər Əliyevin Sovet İttifaqı dövründə, həmçinin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətinin örnək olduğunu vurğulayıb və onun Tacikistanda da çox sevildiyini söyləyib.
Tədbirdə Türkiyə, Qazaxıstan və Belarus səfirləri də çıxış edib, Heydər Əliyevin tarixi xidmətlərini xatırlayıblar.