SİYASƏT
Tacikistanın avesta.tj portalı ulu öndər Heydər Əliyevlə bağlı məqalə yayıb
Düşənbə, 11 may, АZƏRTAC
Tacikistanın avesta.tj informasiya portalı ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı rus dilində məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilir. Qeyd edilir ki, dünya şöhrətli siyasi xadim Heydər Əliyev müasir Azərbaycanın inkişafı və türk dünyası üçün böyük xidmətlər göstərib. Məqalədə vurğulanır: “Heydər Əliyev Azərbaycanda taleyüklü məqamda hakimiyyətə gəldi. Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı”. Yazıda qeyd olunur ki, 1993-cü ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elm və mədəni həyatında dirçəliş baş verdi, ölkənin beynəlxalq əlaqələrinin yaranması, müstəqil hüquqi dövlətin qurulması prosesi başladı. Məhz Heydər Əliyevin siyasi iradəsi nəticəsində 1994-cü ildə Ermənistanla atəşkəs elan olunub.
Yazıda Azərbaycanın neft strategiyası haqqında da söhbət açılır. Bildirilir ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” tarixə məhz XX əsrin mühüm hadisəsi kimi düşüb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə